GƏNCƏNİN GERBİ
Günəş, ay və səkkizguşəli ulduz yadelli işğalçılara
qarşı mərdliklə vuruşmuş və 1804-cü ildə bu mübarizədə
həlak olmuş Gəncə hökmdarı Cavad xanın bayrağının
üstündə olan emblemin analoqudur.
Emblemdə olan ölçü rəmzləri:
Günəş – əbədi həyat simvolu;
Ay – əbədi işıq rəmzi (ağ işıq olduğuna görə daha çox
azadlıq rəmzi kimi işlədilir);
Səkkizguşəli ulduz (günəşin rəmzi) – azərbaycançılıq
simvoludu;
Ay üzərində palıd yarpağı – möhtəşəmlik, uzun ömürlülük
və müdriklik simvoludur;
Fon – yerliyin yaşıl olması, islamçılığın rəmzidir.
Aşağıda yazılmış Gəncə adı vizual baxımdan
kompozisiyanın birbaşa hifz olunmağına şərait yaradır.
Emblemdə monumentallıq və əzəmət əsas yer tutur.
Bu rəmzlər birləşərək Gəncə şəhərinin obrazını, onun
qüdrətini, tarixini və mənəvi dünyasını bəşəri bir
səviyyədə yaşadır.
Şəhərin adının mənşəyi
«Gəncə» adının nədən başlanması,
hansı anlamı bildirməsi haqda elmi ədəbiyyatda müxtəlif
fikirlər mövcuddur. Araşdırıcılardan bir qrupu onun
pəhləvi (parfiya) sözü olan «gəncə», yəni «xəzinə», bir
qismi geniş, böyük mənasına gələn «gencə» ifadələri ilə,
digərləri isə əsgi türk tayfaları hunlar və gəncəklərin
adı ilə bağlı olması versiyalarını irəli sürürlər.
Gəncənin tarixi və etnoqrafiyası
haqda geniş tədqiqatlar aparmış gənc alim, tarix elmləri
namizədi, dünyadan vaxtsız köcmüş Fərrux Əhmədov özünün
«Gəncənin tarix yaddaşı» (Bakı, «Şirvannəşr», 1998)
əsərində qədim şəhərin adının türk mənşəli olduğunu
əsaslandıraraq diqqətəlayiq bir mülahizə ilə çıxış edir:
«… Qaynaqlar inamla Kürboyu vilayətlərdə türklərin
hökmranlığından xəbər verirlərsə, təbii ki, bu
tayfaların hakiminin – xanının (xaqanının, kaqanının)
iqamətgahı, baş kəndi olmamış deyildi. Və bu iqamətgahın
məhz Gəncə olmasını inkar etmək üçün heç bir əsas
yoxdur. Hesab edirik ki, əski çağlarda şəhər Gəncə yox,
Qança (və ya Kançə) adlandırılmışdır (bax: İbn Xordadbek
"Kniqa putey i stran" – kommentarii, issledovaniye,
ukazateli i kartı Naili Velixanovoy, Baku, 1986, s. 78,
226). Bu sözün ilk komponenti "qan", "kan", "kaan",
"xan" türk dillərində hakim, sərkərdə, başçı deməkdir.
Sözün ikinci hissəsi olan – ca (-cə, -ça, -çə) tarixi
Azərbaycanın ərazisində çox geniş yayılmaqla məkan, yer,
yurd bildirir. Belə qənaətə gəlmək olar ki, "Gəncə",
"Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı", "xan
yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir.
Maraqlıdır ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan
yurt" adları yerli əhalinin dilində Gəncənin cənub
hissəsindəki dağlıq yerlərdə saxlanmışdı».
Gəncənin yaşı
Tarixi mənbələr Gəncənin hələ
Makedoniyalı İsgəndər dövrünə qədər, yəni miladdan öncə
IV əsrə qədər mövcud olduğu haqda bilgilər verirlər.
Tarixçi-alim F. Əhmədov "Gəncənin
tarix yaddaşı" kitabında şəhərin göstərilən dövrdən də
qədimdə salındığını əsaslandırır. Kitabın Gəncənin yaşı
haqda bölməsində müəllif həmçinin yazır: «… Mənbələr
Əhəməni şahı II Kirin (Keyxosrov) məhz Qafqazda
massagetlərə və onların məlikəsi Tomrisə qarşı müharibə
açdığını yazırlar. Herodotun verdiyi bilgiyə görə «Kirus
arazı keçib Kür çayına çatır. Burada cəsarətlə dar bir
dərəyə soxulur. Məlikə Tomris öz azsaylı qoşunu ilə çox
məharətlə Kirin fateh qoşununu tələyə salıb məhv edir,
Kiri qətlə yetirir».
Müəllif Kür çayının qədim yatağının
indikindən cənubdan keçməsi və onun dağıdıcı zəlzələlər
nəticəsində yatağını dəyişməsi haqda geoloq alimlərin
fikirlərini xatırlatdıqdan sonra, miladdan öncə 530-cu
ildə baş vermiş sözügedən döyüşün məhz Gəncə qalası
yaxınlığında olması versiyasını irəli sürür.
Patriarxal-quldarlıq quruluşu dövründə iri yaşayış
məntəqələrinin yaranması və müəyyən inkişaf səviyyəsinə
çatması üçün zəruri zaman kəsiyini də bu tarixə əlavə
etmək lazım gəldiyini bildirən müəllif, Gəncənin yaşının
ümumən 2700 il olduğu qənaətinə gəlir. |